
ABŞ prezidenti Donald Trump-ın keçmiş seçki kampaniyasının sədri Paul Manafort iyunun 27-də xarici agent kimi qeydiyyatdan keçib. O, Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in siyasi partiyası üçün gördüyü konsultasiya işinə görə agent kimi qeydə alınıb.
Manafort Ədliyyə Departamentinə təqdim etdiyi anketdə yazıb ki, «DMP International» firması 2012-2014-cü illərdə keçmiş rusiyapərəst hakim Regionlar Partiyasından 17 milyon dollar alıb.
P.Manafort Trump-ın kampaniyasının xarici agent kimi qeydiyyatdan keçmiş ikinci üzvüdür. Martda prezidentin keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn türkiyəli biznesmen üçün gördüyü işə görə Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
Manafort beş ay Trump-ın kampaniyasına rəhbərlik edib və «The Associated Press» agentliyinin məlumatından dərhal sonra istefa verib. Agentlik onun Ukraynada hakim partiya üçün Vaşinqtonda gizli lobbiçiliklə məşğul olduğunu yazmışdı.